22.11.2018

Masallıda “Qızlarımız Təhsildə” layihəsinə Yekun vurulub

Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Təhsildə inkişaf və innovasiyalar üzrə II qrant müsabiqəsi” çərçivəsində qalib olmuş Mahmudavar kənd tam orta məktəbin həyata keçirdiyi “Qızlarımız Təhsildə” layihəsinə 21.11.2018 tarixində keçirilən mətbuat konfransı ilə yekun vuruldu.

Mətbuat konfransı layihə çərçivəsində görülmüş işlərin qısa video çarxı ilə başlamışdır. Daha sonra Mahmudavar kənd tam orta məktəbin direktoru və layihə rəhbəri Kinəxanım Əliyeva çıxış edərək, gələn qonaqları salamlamış və layihə haqqında ətraflı məlumat vermişdir. O qeyd etmişdir ki, layihənin məqsədi hər hansi bir səbəbdən olursa - olsun valideynləri tərəfindən təhsildən yayınan qızlarımızın yenidən təhsilə cəlb olunması və bunun daim diqqətdə saxlanmasıdır.

Layihənin I mərhələsində hədəf olaraq seçilmiş 20 kənd (Xırmandalı, Məmmədxanli, Ərəb, Qarğaliq, Köçəkli,Təkdam, Öncəqala, Hacitəpə, Qızılağac, Həsənli, Qızılagac, Çaxırlı, Sığıncaq, Böyük Təklə,  Kəlbihüseynli, Bala Təklə, Səmidxanlı, Sərçuvar, Təzəkənd) məktəblərində seminarlar həyata keçirilmişdir. Seminarlarda ümumi olaraq 412 məktəbli qız şagird iştirak etmişdir.

Layihənin II mərhələsində seminarlardan seçilmiş (hər məktəb üzrə) 2 fəal qız (ümumi 40 fəal qız) Masallı Rayonunda fəaliyyət göstərən Heydər Əliyev Mərkəzinə, SYSLAB Masallı Mərkəzinə, Tarix-Diyarşünaslıq Muzeyinə, Dövlət Rəmzləri Muzeyinə, Yenicə istifadəyə verilmiş Masallı Sənaye Məhəlləsinə, ASAN Xidmət Mərkəzinə, ABAD layihəsinin ofisinə, Xalçaçılıq Mərkəzinə, ASAN İntelektual Mərkəzə və s. xanım çalışanlar üstünlük təşkil etdiyi mərkəzlərə 1 günlük ekskursiyaya cəlb edilmişdir.

Daha sonra tədbirdə Masallı rayon Təhsil Şöbəsinin müdir müavini Samit İslamov çıxış edərək, qızların təhsilə cəlb olunması üçün həyata keçirilən layihə çox vacib məsələləri özündə əks etdirdiiyini qeyd etmiş, layihənin davamlı olmasını arzulamışdır.

Tədbirdə Masallı rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Qəşəm Hadıyev, layihənin eksperti Rəşad Dadaşov, layihənin təlimçisi Rafət Şirəliyev öz fikirlərini bildirmişdir.

Mətbuat konfransıda məktəb direktorları, valideynlər və mətbuat nümayəndələri iştirak etmişdir.

Tədbirin sonunda layihə çərçivəsində çəkilmiş “SONRADAN” adlı sosial çarx da təqdim olunmuşdu

 


Açar sözlər: ,  ,  ,