25.04.2019

Gəlin, birgə kitab oxuyaq! devizi altında tədbir keçrilib.

           Masallı rayon İcra Hakimiyyəti və Masallı rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə 24 aprel tarixində Masallı şəhərinin mərkəzində yerləşən Heydər Əliyev parkında “23 aprel – Dünya Kitab və Müəlliflik Hüququ Günü” münasibətilə rayon ümumi təhsil müəssisələrinin iştirakı ilə “Oxu Günü” tədbiri keçirildi. Tədbirdə həmçinin Masallı rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, Masallı rayon Təhsil Şöbəsinin müdir müavini S.İslamov və digər yerli icra hakimiyyəti orqanlarının rəhbərləri və əməkdaşları, rayon ziyalıları, ağsaqqallar, QHT nümayəndələri, təhsil, mədəniyyət işçiləri və rayon ictimaiyyətinin digər nümayəndələri iştirak edirdi.

Azərbaycan Respublikası Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən keçirilən tədbirdə çıxış edən ziyalılar, rayon İcra Hakimiyyətinin əməkdaşı, təhsil işçiləri, QHT nümayəndələri və digərləri bildirdilər ki, son illər ölkədə aparılan uğurlu iqtisadi islahatlar və müşahidə olunan iqtisadi-sosial inkişaf əhalinin rifah halının yüksəlməsinə səbəb olmuşdur. Bununla əlaqədar olaraq,ölkədə gənclər arasında kitaba, bütövlükdə, təhsilə olan maraq xeyli dərəcədə artmış, ali təhsil almaq istəyən gənclərin sıraları durmadan genişlənmişdir. Cəmiyyətin müxtəlif yaş və sosial qrupları, xüsusilə gənclər arasında hazırda müşahidə edilən və gündən-günə güclənən oxumaq, kitaba olan sevgi və ehtiram ölkədə kitab nəşri, tərcüməsi və satışı işinin sürətli inkişafı üçün də geniş imkanlar yaratmışdır. Bütun bunlar ölkənin gələcək inkişafının möhkəm özülü və qarantıdır. Çıxış edənlər həmçinin qeyd etdilər ki, cəmiyyətdə kitaba olan marağın yenidən yaranması, digər məsələlərlə yanaşı, müəllif hüquqları sahəsində də mövcud olan problemləri ön plana çıxarmışdır. Bu baxımdan, Prezident İlham Əliyevin 20 aprel  2018-ci il Sərəncamı ilə Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin yaradılması bu sahədə işlərin yüksək səviyyədə qurulmasına böyük töhfə olmuşdur.

Çıxışlardan sonra, rayon İcra Hakimiyyətinin başçısı R. Hüseynov,  rayon ictimaiyyətinin  nümayəndələrinin iştirakı ilə rayonun bir çox qəsəbə və kəndlərinin ümumi təhsil məktəblərinin müəllim və şagird kollektivi tərəfindən hazırlanmış kitab sərgisinə baxış keçirildi. İstedadlı şagirdlərin milli musiqi alətlərindəki ifaları və şeir parçaları dinlənildi.  Bununla yanaşı, şagirdlər görkəmli ədiblər Səməd Vurğunun “Vaqif” dramından, Mir Cəlal Paşayevin “Bir gəncin manifesti” romanından və böyük şair İmadəddin Nəsiminin şeirlərinin motivləri əsasında səhnələşdirilmiş kiçik ədəbi-bədii kompozisiyalar ifa etdilər.

Daha sonra, N. Gəncəvi adına Masallı rayon Mədəniyyət Mərkəzinin “Masallı” rəqs qrupunun ifasında konsert proqramı keçirildi. Proqram çərçivəsində rəqqasların müxtəlif milli rəqs, eləcə də dahi bəstəkar Üzeyir bəy Hacıbəylinin “O olmasın, bu olsun” musiqili komediyasının melodiyalarının müşayiəti ilə maraqlı ifaları tədbir iştirakçılarının böyük maraq və alqışları ilə qarşılandı.

Tədbirdə iştirak edən Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin sədri Arzu Bağırova 500-ə yaxın bədii kitabı tamaşaçılara hədiyyə etdi.

Sonda qeyd edək ki, “23 aprel – “Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü”nün keçirilməsi haqqında qəraq 1995-ci ildə UNESCO-nun Baş Konfransında qəbul edilib. Azərbaycanda 1997-ci ildən qeyd edilməyə başlanılan bu əlamətdar günün əsas məqsədi kitaba və müəlliflərə hörmət ruhunun aşılanmasıdır.


Açar sözlər: ,  ,  ,  ,