30.08.2019

Masallı rayonunda ali məktəblərə qəbul olmuş tələbələrlə görüş keçirilib

29 avqust tarixdə H.Əliyev Mərkəzində 2018-2019- cu tədris ilində ali məktəblərə qəbul olan məzunlarla Rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynovun görüşü keçirilmişdir.

Tədbirə məktəb direktorları, müəllimlər, ali məktəblərə qəbul olan məzunlar, onların valideynləri və digər məktəblilər dəvət olunmuşdur. Tədbir İştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə tər çiçək dəstələri qoyaraq xatirəsini yad etdilər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başladı. Masallı RTŞ - nin müdiri Tariyel Əkbərov tədbiri açıq elan edərək, 2018-2019-cu tədris  ilində qazanılan uğurlar haqqinda danışdı.

O, qeyd etdi ki,respublika  üzrə XI  sinif  şagirdləri  arasında  buraxılış  imtahanlarından  maksimum (300) bal  toplayan  iki  nəfərdən  biri  Masallı şəhər   4  nömrəli  məktəbin  məzunu Səmədov  Şəhriyar  Şahin oğlu olmuşdur. Qəbul  imtahanlarında 25  nəfər  şagirdimiz 600-dən  yuxarı  bal  toplamışdır.  500-700  arası  bal toplayan  82   nəfərdən  31  nəfəri    qızdır. Bu il  9 illik  təhsil  bazası  üzrə 144  nəfər, 11 illik  təhsil  bazası  üzrə 106  nəfər  məzunumuz  orta ixtisas  təhsili  müəssisələrinə  qəbul  olmuşlar.  Ali  məktəblərə imtahan  verib  yüksək  bal toplayanlar  arasında  rayonumuz    Respublika  üzrə  ilk  onluğa  düşmüşdür.

Sığdaş kənd  tam  orta  məktəbinin   şagirdi - Sadıxova  Şəhla bu  il  tam orta  təhsilini  qızıl  medalla  başa  vurmuşdur. Ötən  dərs  ilində  şagirdlərimizdən  14 nəfəri  tam orta  təhsilini, 7  nəfəri    ümumi orta  təhsilinin  fərqlənmə attestatı, 1  nəfəri  isə tam  orta  təhsilini xüsusi  nümunəli  attestatla  bitirmişdir. Respublika  fənn olimpiadalarında Qızılağac  1  nömrəli kənd tam  orta  məktəbini  X  sinif şagirdi    Səfərli  Toğrul  Əhməd oğlu - coğrafiya  fənni  üzrə qızıl, Sığdaş kənd  tam  orta  məktəbinin  məzunu  Sadıxova  Şəhla  Zöhrab  qızı   Azərbaycan dili  və  ədəbiyyat fənni üzrə bürünc medal  qazanmışdır. Ucqar  Yolağac kənd  məktəbinin  şagirdi  Sovziyeva İlkanə Zöhrab qızı Ulu  Öndər  H.Əliyevin  anadan  olmasının  ildönümünə  həsr  edilmiş, “Ən  yaxşı  təqdimat” respublika  müsabiqəsinin II  olmuşdur.

T.Əkbərov bu uğurların qazanan şagirdləri və uğurların qazanılmasında əməyi olan hər kəsi təbrik etmiş, gələcək həyatlarında müvəffəqiyyətlər  arzulamışdır.

Sonra  Masallı Rayon İcra Hakimiyyətinin Başçısı Rafil Hüseynov bütün abituriyent adını qazanan məzunları təbrik etdi və ölkəmizdə təhsilə günü – gündən artan dövlət qayğısından danışaraq ölkə rəhbərliyinə öz minnətdarlığını bildirdı.

Yüksək bal toplayan abituriyentlərdən Həsənli kənd tam orta məktəbin şagirdi Musayev Azər Musa oğlu, Şəhər 4 saylı tam orta məktəbin şagirdi Səmədov Şəhriyar Şahin oğlu, Şərəfə kənd tam orta məktəbinin şagirdi Seyfullayeva Sura Valeh qızı, Sığdaş kənd tam orta məktəbinin şagirdi Sadıxova Şəhla Zöhrab qızı çıxış edərək layiqli mütəxəssis kimi yetişəcəklərinə söz verdilər və yaradılan şəraitə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirdilər.

Tədbirin sonunda 600- 700 arası bal toplayan tələbələrə Rayon İcra Hakimiyyəti Başçısının və Masallı RTŞ-nin fəxri fərmanı və hədiyyələri təqdim olunmuşdur.  Tədbir konsert proqramı ilə davam etmişdir.


Açar sözlər: ,  ,  ,